Hacı Zeynalabdin qəsəbəsi ərazisində hərbi sursat aşkarlanıb VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların bir ədəd 85 millimetrlik OF-365 və bir ədəd 76 millimetrlik OF-350 top mərmisinin gövdəsi olduğu müəyyənləşdirilib.
Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.