Hacıqabulda “Mədəni kənd – mədəni mühit” layihəsinin yekun tədbiri keçirilib VİDEO
Hacıqabul, 1 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə icra olunan “Mədəni kənd - mədəni mühit” layihəsinin Hacıqabul rayon Mədəniyyət Mərkəzində rayon üzrə yekun tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon Tarix-Diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin üzvlərinin rəsmləri və muzeyin eksponatları, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin vətənpərvərlik mövzusunda kitablardan ibarət stendləri, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş hacıqabullu qəhrəman oğulların şəkillərindən ibarət stend nümayiş olunub.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət xor kollektivi, Mehman Ağayev adına Navahı kənd tam orta məktəbi, Rəncbər kənd tam orta məktəbi və Vüqar Məmmədov adına Muğan qəsəbə tam orta məktəbinin şagirdlərinin hazırladığı rəqslər və səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda hər üç məktəb Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunub.