Hafiz Səfixanov: Mina qurbanları üçün iqtisadi imkanlar yaradacaq layihəyə başlayırıq VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi mina qurbanları üçün iqtisadi imkanlar yaradacaq layihəyə başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrə şəhərində keçirilən minalar əleyhinə konvensiyanın 22-ci konfransı və ictimaiyyətə təqdim olunan “Landmine Monitor Report 2025” hesabatına həsr olunmuş mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məlumat verib.
Onun sözlərinə görə, Koreya Respublikası tərəfindən İnsan Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondunun maliyyə dəstəyi ilə "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması" adlı layihə icra edilməyə başlayıb: "Layihənin məqsədi Azərbaycanın minalardan daha çox zərər çəkmiş rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləməkdir. Bu, kiçik biznesin yaradılması mexanizmi ilə maddi vəsait təmin etməyi, eyni zamanda yoxsulluğun azaldılması və sosial bərabərliyin gücləndirilməsini nəzərdə tutur", -deyə o bildirib.