Hakimlərin peşə nüfuzunun və sosial təminatının gücləndirilməsi üzrə tədbirlər davam etdiriləcək VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Hakimlərin peşə nüfuzunun qorunması, onların hüquqlarının müdafiəsi və peşəkar inkişafının təmin edilməsi Azərbaycan Hakimlər İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, ayrı-ayrı hallarda vətəndaşlar tərəfindən hakimlərin guya ağır cinayət əməli törətməkdə ittiham olunması, onların şərəf və ləyaqətini alçaldan iddialarla məhkəmələrə müraciətlər edilməsi halları müşahidə olunub. Bu kimi hallarda hakimlər qanunvericiliyə uyğun olaraq məhkəmələrə müraciət edib və hüquqlarının qorunmasına nail olublar.
Ələddin Cəfərov qeyd edib ki, hakimlərin nüfuzunun müdafiəsi istiqamətində görülən tədbirlər 2026-cı il üçün də təsdiqlənmiş fəaliyyət planında öz əksini tapıb. Bu tədbirlər sistemli və məqsədyönlü şəkildə həyata keçiriləcək.
Sədr müavininin sözlərinə görə, qarşıdakı dövrdə hakimlərin bilik və bacarıqlarının artırılması, iş təcrübəsinin zənginləşdirilməsi məqsədilə elmi-praktik konfranslar, seminarlar və müzakirələr təşkil olunacaq. Eyni zamanda, hakimlərin beynəlxalq məhkəmə təcrübəsi ilə tanışlığının təmin edilməsi üçün müvafiq təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Çıxışda bildirilib ki, hakimlərin peşə fəaliyyətindən kənar sosial və mədəni həyatının dəstəklənməsi də diqqət mərkəzində saxlanılır. Bu çərçivədə idman yarışları, sosial tədbirlər və digər proqramların təşkili planlaşdırılır.
Ələddin Cəfərov vurğulayıb ki, sosial və maddi çətinliklərlə üzləşən hakimlərə dəstəyin göstərilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Qeyd olunub ki, 2026-cı il üçün təsdiq edilmiş tədbirlər çərçivəsində bu sahədə işlər müvafiq komissiyalar tərəfindən ardıcıl şəkildə həyata keçiriləcək.