Han Moraal: Azərbaycan daim Beynəlxalq Prokurorlar Assosiasiyasına fəal dəstək verir VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan daim Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) fəal dəstək verir, bu qurumun qarşısında duran məsələlərin həllinə kömək göstərir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransda iştirak edən BPA-nın baş katibi Han Moraal jurnalistlərə müsahibəsində deyib.
“Kibercinayətkarlığa qarşı mübarizə hazırda aktual məsələlərdən biridir. Bu məsələdə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. BPA müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə kibercinayətkarlığa qarşı mübarizəyə dair treninqlər keçirir. Avropa Şurası və Avropa İttifaqı da müvafiq seminarlar təşkil edirlər. Belə mühüm mövzuya həsr olunan konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk”, - deyə H.Moraal vurğulayıb.