HANS YURGEN GEDE: BAKIDA ÇALIŞMAQ MƏNİM ÜÇÜN BÖYÜK ŞƏRƏFDİR
Bakı, 9 yanvar, (AZƏRTAC). Bakıda çalışmaq mənim üçün böyük şərəfdir. Burada futbolun inkişafında çox maraqlıdırlar. Mən Bakıda vəziyyətlə tanış olduqdan, klub rəhbərliyi ilə danışdıqdan sonra “Neftçi”də işləməyə qərar verdim.
Bunu “Neftçi”nin baş məşqçisi Hans Yurgen Gede UEFA-nın saytına müsahibəsində demişdir.
Klubun hazırkı vəziyyətinə toxunan baş məşçqi komandanın yenidən formalaşdırıdığını söyləmişdir. “Bu gün “Neftçi”nin Azərbaycan Premyer- Liqasında liderlərdən uzaqda olması bizi qane etmir. Hesab edirəm ki, uğursuzluğun səbəbi aydındır. Elə vəziyyət yaranmışdı ki, biz heyəti yenidən qurmağa məcbur olduq. Heyətdə cavanlaşma prosesi gedir. Gənc futbolçular böyük potensiala malikdirlər”.
H.Y.Gede bəzi aparıcı futbolçuların komandadan kənarlaşdırılmasına da aydınlıq gətirmişdir. Almaniyalı mütəxəssis demişdir ki, bu futbolçular uzun müddət “Neftçi”nin şərəfini qorumuşlar. Klubda belə futbolçuların olmasına baxmayarq, “Neftçi” artıq neçə ildir ki, çempionluğu qazana bilmir. Komanda öz potensialından olduqca aşağı çıxış etmişdir. Buna görə də biz onlarla vidalaşmağı qərara aldıq. Bununla da gənc futbolçuların özünü göstərmələri üçün şərait yaradılmış oldu.