HƏMYERLİMİZ “ALMANİYA MƏLƏKLƏRİ” TİTULUNU ALMIŞDIR
Bu il festivalın qalibləri arasında həmyerlimiz – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsi ədəbi yaradıcılıq və ekran dramaturgiyası bölməsinin 4-cü kurs tələbəsi Səbinə Mövsümova da var.
Səbinə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, müsabiqənin qalibi olacağı heç ağlına da gəlməzdi. İnternetdə elanı oxuyaraq, bəxtini sınamaq qərarına gəlmişdir. Gözləmədiyi halda dəvətnamə almışdır: “Almaniya sizi gözləyir, ssenari çox maraqlıdır”.
Müsabiqə ən yaxşı kino və teatr ssenarisi, ən yaxşı rejissorluq üçün elan olunmuşdur. Səbinə Mövsümovanın yazdığı bədii qısametrajlı filmin ssenarisi Yer kürəsində müharibə problemi mövzusundadır. Dəqiq desək, Qarabağ müharibəsi barədədir. İlk kadrlarda Xocalı, yanıb külə dönmüş evlər, uşaqların, qadınların, qocaların meyitləri təsvir olunur. Kor adam. Bu adam yalnız müharibə sədaları eşidir. Qaçır, başı quru ağaca dəyərək büdrəyir, yıxılır, əl ağacını itirir, ayağı qan gölməçəsi içindəki meyitə toxunur. O, bunun su olduğunu fikirləşir. Onu meyitin üzünə çiləyir və ağacı sulayır.... Günəş şəfəqləri qana boyanmış ağacı işıqlandırır.
Sonra yenə də birinci kadr – yenə də Xocalı...
Bax, belə bir dəhşətli əxlaqi nəticə.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən 3 min 600 adam iştirak etmiş və yalnız 50 nəfər finala çıxaraq, “Almaniya mələkləri” titulunu qazanmışdır. Festivalın təşkilatçıları Səbinəyə yazmışlar ki, onun ssenarisi əsasında çəkiləcək film festivalda nümayiş etdiriləcəkdir. Mükafatları təqdimetmə mərasimi fevralın 10-17-də keçiriləcəkdir.
Gənc azərbaycanlı qızın ssenarisi əsasında çəkiləcək film Qarabağ müharibəsini, Xocalı faciəsini bir daha dünyaya xatırladacaqdır.
Səbinənin uğuru bir daha təsdiqləyir ki, gənclərimiz əmindirlər: bu mübarizədə hər birimizin səyinə ehtiyac vardır.