Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam etdirirlər
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrinə açılması, minaatan qurğularının döyüşə və səfərə vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq edilib.
Artilleriyaçılarımızın çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.
Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.