Hərbi Akademiyada beynəlxalq elmi-praktik konfrans keçirilir
Bakı, 21 oktyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında “İkinci Qarabağ müharibəsi yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzərindən onlayn beynəlxalq elmi-praktik konfrans başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans Türkiyənin Milli Müdafiə Universiteti, Pakistanın Milli Müdafiə Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiə Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiə Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiə Universitetinin dəstəyi ilə keçirilir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri də iştirak edirlər.
Beynəlxalq elmi-praktik konfrans işini oktyabrın 22-də başa çatdıracaq.