İQTİSADİYYAT
Hərracda 7 faydalı qazıntı yatağı istifadəyə verilib
![Hərracda 7 faydalı qazıntı yatağı istifadəyə verilib](/files/2023/1/1200x630/16807864201647419812_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda 7 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Qum-çınqıl yatağına ən son təklif ilkin satış qiymətindən 482 min manat çox olub.
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir. Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Abşeronda yerləşən “Qobu” gil və “Güzdək” əhəngdaşı yataqlarının hər birinin 5 hektar sahəsi, Ağdamda “Qarqarçay” qum-çınqıl yatağının 5 hektar, Şəmkirdə “Alabaşlı” hematit yatağının 5,34 hektar, Göygöldə “Qızılca” plagioporfir yatağının 3 hektar, Qubada “Qorxmazoba” qum-çınqıl yatağının 25 hektar, Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağının isə 2 hektar sahəsi istifadəyə verilib.
Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Qorxmazoba” qum-çınqıl yatağının LOT-1 və LOT-2 üzrə keçirilən hərracı olduqca rəqabətli olub. LOT-1 üzrə edilən ən son təklif 18 min manatdan 500 min manata, LOT-2 üzrə isə 18 min manatdan 135 min manata yüksəlib.