REGİONLAR
“Heydər Əliyev dövlətçilik idealları və müasir gənclik” - Gəncədə konfrans




Gəncə, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra AMEA Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların ali təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirdiyini bildirən akademik, dövlət başçısı tərəfindən müxtəlif illərdə Azərbaycan gəncliyi üçün Dövlət proqramlarının qəbul olunduğunu və uğurla yerinə yetirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA tərəfindən dahi şəxsiyyətin zəngin dövlətçilik irsinə həsr edilmiş çoxsaylı elmi əsərlər nəşr olunduğunu bildirib. O, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsinin elmi-populyar müstəvidən fundamental elmi araşdırmalar səviyyəsinə qaldırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Akademik AMEA tərəfindən ilk dəfə olaraq, “Heydər Əliyev Ensiklopediyası”nın nəşrə hazırlandığını da qeyd edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunu əhatə edən tədbirin iştirakçılarını salamlayıb və elmi toplantıya uğurlar arzulayıb. O, ölkəmizdə müasir gənclər siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu strategiyanın nəticəsi kimi Azərbaycanda dövlətçiliyimizə sadiq fəal gənclər ordusunun formalaşdığını qeyd edib.
AMEA Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev Ulu Öndər Heydər Əliyev irsinin gənclər üçün ən doğru yol, ən yüksək ideal olduğunu bildirib. Bu baxımdan o, AMEA Gəncə Bölməsində Heydər Əliyevin həyat və fəaliyyətinə dair 2 minədək yazılı elmi nümunə toplandığını vurğulayıb.
Çıxışlardan sonra qonaqlara yeni çapdan çıxmış Azərbaycanın “Qırmızı kitab”ının nəşri təqdim edilib.
Konfransda gənc alimlərin və mütəxəssislərin məruzələri dinlənilib.
Tədbirin sonunda bir qrup gənc alim konfransın işində fəal iştirakına, eləcə də məhsuldar tədqiqat fəaliyyətlərinə görə “Təşəkkürnamə”lərlə təltif olunublar.