Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir
Qax, 7 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük xidmətlər göstərib. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə sentyabrın 7-də Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda regional elmi konfransda səsləndirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda şimal-qərb bölgəsi rayonlarının mədəniyyət və kitabxana işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Mərkəzdə Ulu Öndərə həsr olunan sərgiyə baxıblar.
Elmi konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşı Aygün Rəhimlinin moderatorluğu ilə keçən konfransda bildirilib ki, hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla, dövlətinin gələcəyini uğurla formalaşdırmış dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edən tarixi şəxsiyyətləri var. Ümummilli Lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olub.
Elmi konfransda Qax rayon MKS-nin direktoru Güllü Əhmədovanın “Kitabxanaların inkişafına Heydər Əliyev qayğısı” mövzusunda məruzəsi dinlənilib. Konfransda, həmçinin Şəki MKS-nin direktor əvəzi Kəmalə İsmayılova “Azərbaycan mədəniyyətində Heydər Əliyev imzası”, Oğuz rayon MKS-nin direktor əvəzi Nəzakət Qasımova “Azərbaycanın neft sektorunda Əsrin müqaviləsinin rolu”, Qəbələ rayon MKS-nin direktor müavini Rəna İbrahimova “Unudulmaz şəxsiyyət”, Balakən rayon MKS-nin direktoru Məryəm Tağıyeva “Heydər Əliyev və Azərbaycan dili”, Zaqatala rayon MKS-nin direktor əvəzi Sevda Rəhimova “Şanlı keçmişimizdən parlaq gələcəyimizə körpü salan dahi şəxsiyyət” mövzularında məruzələr təqdim ediblər.
Konfransın sonunda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Nargilə Qafarova çıxış edərək, Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği baxımından belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.