HEYDƏR ƏLİYEV MUZEYİ ULU ÖNDƏRİN TARİXİ XİDMƏTLƏRİNİ ƏKS ETDİRİR
Martın 1-də Bərdədə Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev muzeyinin rəsmi açılışı olmuşdur.
Ümumi sahəsi 900 kvadratmetr olan muzey Heydər Əliyev parkında yerləşir. Burada ulu öndərin 1970-80-ci və 1990-cı illərdə 14 dəfə Bərdəyə səfərini əks etdirən materiallar xüsusi yer tutur. Eyni zamanda, ümummilli liderimizin ailəvi fotoşəkilləri, həyat və fəaliyyətinə, dünyanın müxtəlif ölkələrinə səfərlərə, müasir dövrdə iqtisadi inkişafımızın təməli hesab olunan neft strategiyasının həyata keçirilməsinə dair fotomateriallar nümayiş olunur.
Muzeydə Prezident İlham Əliyevin bu qədim şəhərə səfərlərini, keçirdiyi görüşləri əks etdirən eksponatlar da diqqəti cəlb edir.
Dövlətimizin başçısı və ailə üzvləri muzeyin ayrı-ayrı guşələri ilə maraqla tanış oldular.
Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“2004-cü ilin sentyabr ayında biz Bərdədə “Heydər Əliyev muzeyi”nin təməl daşını qoyduq. Bu gün isə muzeyin açılışını qeyd edirik. Bu muzey ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Eyni zamanda, “Heydər Əliyev muzeyi” gözəl memarlıq abidəsidir.
Heydər Əliyev Bərdəyə və bərdəlilərə həmişə böyük diqqət göstərmişdir. 14 dəfə Bərdədə olmuşdur və Bərdənin inkişafında onun çox böyük rolu olmuşdur. Bu gün bu gözəl ənənələr davam etdirilir. Bərdə inkişaf edir və gözəlləşir.
Bütün bərdəlilərə öz hörmət və məhəbbətimi bildirirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bərdə, 1 mart 2006-cı il”.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Bərdə rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Görüşə toplaşmış minlərlə sakin Prezidenti hərarətlə salamladı.
Prezident İlham Əliyev görüşdə nitq söylədi.