HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİNƏ LAYİQ ELMİ MONOQRAFİYA
QURUCUSU. BAKI, 2004, 470 SƏH.
Tanınmış tarixçi alim, Yeni Azərbaycan Partiyası siyasi Şurasının üzvü, təhsil nazirinin müavini, tarix elmləri doktoru İradə Hüseynovanın ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin sistemli tədqiqinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı monumental əsəri, sözün həqiqi mənasında, ulu öndərimizin tarixi şəxsiyyətinə layiq çox dəyərli monoqrafiyası bu günlərdə çapdan çıxmışdır. Bu, müəllifin xalqımızın dahi oğluna həsr etdiyi dördüncü kitabıdır.
İradə Hüseynovanın bu sanballı əsəri ilə Heydər Əliyev şəxsiyyətinin hərtərəfli öyrənilməsi yolunda yeni mərhələnin başlanğıcı qoyulmuş, Heydər Əliyev siyasi fenomeninin, bu dahi şəxsiyyətin irsinin elmi araşdırılması istiqamətində mühüm addım atılmışdır. Uzun illərin gərgin elmi axtarışlarının bəhrəsi olan bu kitabda Azərbaycanda çağdaş milli intibahın, milli dirçəlişin böyük ideoloqu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektləri, mərhələləri və istiqamətləri vahid sistem halında tədqiq olunmuşdur.
İradə Hüseynova “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş ilk tarixçi alimdir. Onun Azərbaycanın elmi ictimaiyyətinə təqdim etdiyi bu yeni monoqrafiya – dəyərli, sanballı elmi-tədqiqat əsəri Rusiya Federasiyası və Azərbaycanın müxtəlif arxivlərindən toplanmış zəngin ilkin mənbələr, çoxu elmi dövriyyəyə ilk dəfə daxil edilən məxəzlər əsasında, respublikada və xaricdə çap olunmuş bütün elmi ədəbiyyatın təhlili və ümumiləşdirilməsi nəticəsində yaranmışdır. Xüsusi qeyd etmək lazımdır ki, müəllif tərəfindən ilk dəfə olaraq böyük tarixi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən istifadə edilmişdir.
Monoqrafiya “Giriş”, 9 fəsil, “Nəticə”, “Əlavələr” və “Biblioqrafiya”dan idarətdir.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Həsənov monoqrafiyaya dəyərli “Ön söz” yazmışdır.
Azərbaycan xalqının milli sərvəti, ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətlə qələmə alınmış və müəllifin elmi yaradıcılıq zirvəsi sayılan bu dəyərli monoqrafiyada Azərbaycanın son 35 illik tarixinin tam və aydın mənzərəsi verilmişdir.
Tarix elmləri doktoru İradə Hüseynovanın müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz və unudulmaz xatirəsinə ithaf etdiyi “Müstəqil Azərbaycan Dövlətinin qurucusu” adlı fundamental monoqrafiyası Əliyevşünaslığın qızıl fonduna daxil olacaq sanballı tədqiqat əsəridir.
İradə Hüseynovanın bu mövzuda olan əvvəlki monoqrafiyaları (“Dövlətçilik naminə”. Bakı, 2001; “Müstəqilliyimizin təminatçısı”. Bakı, 2003) kimi, bu qiymətli əsəri də millətini, dövlətini, milli liderini sevən hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək, tarixdə şəxsiyyətin rolunu öyrənən politoloqlar, tarixçilər, filosoflar tərəfindən hər zaman müraciət olunan etibarlı mənbə rolunu oynayacaqdır.
Kitab “Təhsil” nəşriyyatı tərəfindən çap olunmuşdur.