RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV SU ANBARININ İSTİFADƏYƏ VERİLMƏSİ MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev su anbarı istifadəyə verilmişdir. Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir. Mərasimə toplaşan minlərlə insan dövlətimizin başçısını hərarətlə və böyük mehribanlıqla qarşıladı.
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev su anbarının və magistral kanalların planı ilə tanış oldu. Məlumat verildi ki, su anbarı vasitəsilə ətraf rayonların yaşayış məntəqələri su ilə təmin olunacaqdır. Suvarılacaq 16 min hektarın 6 min hektarı əkin dövriyyəsinə yeni daxil edilmiş sahələrdir və bu, yerli əhali tərəfindən yüksək qiymətləndirilir. Kanallar üzərində 60 qurğu yerləşdirilmişdir. 100 milyon kubmetr su tutumu olan bu anbarın tikintisinə 1980-ci ildə, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı. Lakin o, Moskvaya getdikdən sonra inşaat işləri yarımçıq qalmışdı. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu nəhəng obyektin tikintisi bərpa olunmuşdur.
Prezident İlham Əliyev su anbarının istifadəyə verilməsini bildirən düyməni basdı və su boru vasitəsilə kanallara axdı. Prezident bu prosesi böyük maraqla izlədi və bu mənzərəli yerdə xatirə şəkli çəkdirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu su anbarı əhalini su ilə təmin etməklə yanaşı, həm də elektrik enerjisinə olan tələbatı qismən ödəyəcəkdir. Eyni zamanda, burada turizmin və çay balıqçılığının inkişafı üçün də imkanlar yaradılacaq, yeni iş yerləri açılacaqdır. Ətraf sahələr yaşıllığa qərq olacaqdır.
Prezident İlham Əliyev mərasimə toplaşanlarla görüşdü, onları bu tarixi hadisə münasibətilə təbrik etdi. Sakinlər su anbarının istifadəyə verilməsini ulu öndərin Naxçıvana göstərdiyi diqqət və qayğının daha bir təzahürü kimi qiymərtləndirdilər, onun tarixi xidmətlərini xatırlatdılar. Dahi şəxsiyyətin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən məmnunluqlarını ifadə etdilər.