“Heydər Əliyev və Azərbaycan dili” məqalələr toplusu çapdan çıxıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sevinc Dadaşovanın “Ön söz” yazaraq tərtib etdiyi “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda yazılmış məqalələr toplusu ayrıca kitab halında nəfis şəkildə çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev və Azərbaycan dili” məqalələr toplusu “Heydər Əliyev və ədəbi irsimiz” kitabının davamı olaraq tərtibçi tərəfindən hazırlanmış II kitabdır. Nəşrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə olan sevgi və bağlılığını, qayğı və diqqətini əks etdirən məqalələr yer alıb. Topluda 2001-ci ildən 2023-cü ilə qədər Azərbaycan mətbuatında və internet portallarında mövzu ilə əlaqəli respublikanın tanınmış elm və mədəniyyət xadimləri tərəfindən qələmə alınmış məqalələr günümüzün tarixindən keçmişə doğru sıralanaraq çap olunub.
Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Akif Əliyev olan yeni nəşrə akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Jalə Əliyeva, akademik Möhsün Nağısoylu, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və başqa alimlərin Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin dövlət dilinə çevrilməsi istiqamətində gördüyü misilsiz xidmətləri, bu dilə qayğı və diqqətini, bir sözlə, ana dilimizin təbliği və inkişafı naminə xidmətlərini əks etdirən və 2023-cü ilədək mətbuatda dərc olunan zəngin informativ bazaya malik yazıları daxil edilib.
Qeyd edək ki, Sevinc Dadaşovanın ideya müəllifi olduğu, “Heydər Əliyev və mədəni irsimiz” tematikasını özündə ehtiva edən bu layihəyə əsasən, Heydər Əliyev haqqında yazılmış müxtəlif sahələrə aid məqalələrin də toplanaraq gələcəkdə ayrıca kitab şəklində nəşri nəzərdə tutulub.