“Heydər Əliyev və azərbaycançılıq ideyası”- elmi sessiya
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və azərbaycançılıq ideyası” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.
G.Baxşəliyeva Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiya olduğunu deyib. Milli məfkurə olan azərbaycançılığın dahi şəxsiyyətin cəmiyyətimizə təqdim etdiyi universal dəyərlər sistemi olduğunu, eyni zamanda, Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətt olduğunu vurğulayıb.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyeva “Heydər Əliyevin azərbaycançılıq siyasəti və bütöv Azərbaycan” mövzusunda məruzə edib. Məruzədə Heydər Əliyevin həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycan xalqının mədəni-mənəvi birliyi istiqamətində fəaliyyətindən bəhs edilib. Məruzəçi Heydər Əliyevin davamlı fəaliyyətinin nəticəsi olaraq “Cənubi Azərbaycan” adının elmi-siyasi məfhum kimi rəsmiləşdirildiyini, “Bütöv Azərbaycan” şüarının təkcə ədəbi, ictimai mühitdə deyil, eyni zamanda, siyasi dairələrdə geniş müzakirə obyektinə çevrildiyini bildirib.
İnstitutun İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyeva “Ulu Öndər və Cavad Heyət” mövzusunda məruzə edib. Məruzədə Ulu Öndər Heydər Əliyevlə dünyaşöhrətli alim, naşir, həkim Cavad Heyət arasında olan münasibətdən bəhs olunub. Ümummilli Liderin bütün həyatı boyu canı və qanı ilə Vətənə bağlı insan kimi Cənubi Azərbaycandan olan ədiblərlə sıx əlaqədə olduğunu, onların taleləri ilə yaxından maraqlandığını deyən G.Verdiyeva bu ədiblərin sırasında Cavad Heyətin də olduğunu vurğulayıb. Məruzəçi Cavad Heyətin Ulu Öndərə böyük rəğbət bəslədiyini, hər zaman Heydər Əliyevin Vətənə və Azərbaycan dilinə olan sevgisini heyranlıqla bildirdiyini qeyd edib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.