Hindistan “Qlobal Cənubun Səsi” zirvə toplantısına ev sahibliyi edəcək
Bakı, 7 yanvar, AZƏRTAC
Hindistan yanvarın 12-13-də “Qlobal Cənubun Səsi” adlı xüsusi virtual sammitə ev sahibliyi edəcək.
Bu barədə AZƏRTAC-a Hindistanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, bu zirvə toplantısı Qlobal Cənub ölkələrini öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək üçün bir araya gətirəcək. Sammitə 120-dən çox ölkə dəvət olunub.
Sammit çərçivəsində 10 sessiyanın keçirilməsi nəzərdə tutulub. Dörd sessiya yanvarın 12-də, altı sessiya isə yanvarın 13-də baş tutacaq. Hər sessiyada 10-20 ölkədən liderlərin və ya nazirlərin iştirakı gözlənilir.
Açılış və yekun iclaslar Baş nazir Narendra Modinin sədrliyi ilə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun Səsi - İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiyanın mövzusu isə “Bir Səs - Bir Məqsəd” olacaq.
Bundan əlavə, nazirlərin səkkiz sessiyası keçiriləcək: “İnsan mərkəzli inkişafın maliyyələşdirilməsi” mövzusunda maliyyə nazirlərinin iclası; Ətraf mühit nazirlərinin “Ətraf Mühitə Uyğun Həyat Tərzi (LiFE) ilə artımın balanslaşdırılması” mövzusunda sessiyası; “Qlobal Cənubun prioritetləri - Əlverişli mühitin təmin edilməsi” mövzusunda xarici işlər nazirlərinin sessiyası; Energetika nazirlərinin “Enerji təhlükəsizliyi və inkişaf - Rifahın yol xəritəsi” mövzusunda sessiyası; Səhiyyə nazirlərinin “Dayanıqlı səhiyyə sistemlərinin qurulması üçün əməkdaşlıq” mövzusunda iclası; “İnsan resurslarının inkişafı və potensialın artırılması” mövzusunda təhsil nazirlərinin sessiyası; Ticarət nazirlərinin “Qlobal Cənubda sinerjinin inkişafı - ticarət, texnologiya, turizm və resurslar” mövzusunda sessiyası; “G-20: Hindistanın sədrliyi üçün təkliflər” mövzusunda xarici işlər nazirlərinin sessiyası.
Qeyd edək ki, “Qlobal Cənub” anlayışı ölkələrin sosial-iqtisadi və siyasi xüsusiyyətlərinə görə qruplaşmasını təsvir etmək üçün istifadə olunur. “Qlobal Cənub” Latın Amerikası, Asiya, Afrika və Okeaniyadakı bölgələrə istinad etmək üçün tez-tez istifadə olunan bir termindir.