Hindistan səfiri: Hind Yeməkləri Festivalı iki ölkə arasında mədəni əlaqələri gücləndirir
Bakı, 21 aprel, AZƏRTAC
Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda Hind Yeməkləri Festivalı keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, festivalda müxtəlif hind mətbəxi nümunələri nümayiş etdirilib, mədəni çıxışlar və diplomatik görüşlər təşkil olunub.
Festivalda Hindistan mətbəxi və mədəni irsi nümayiş etdirilib.
Tədbirdə çıxış edən səfir Abhay Kumar festivalın Hindistanla Azərbaycan, eləcə də digər dost ölkələr arasında mədəni və insani əlaqələri gücləndirdiyini vurğulayıb. Bildirib ki, festivalın apreldə keçirilməsi təsadüfi deyil. Belə ki, bu dövr Hindistanda və bir sıra ölkələrdə məhsul yığımı bayramları ilə üst-üstə düşür.
Səfir çıxışında səfirliyin davamlı mədəni təşəbbüslərindən də bəhs edib. Bunlara “Bakı axşamları” silsiləsi və “Bharat filmotsav” — Hind Film Festivalı daxildir. O qeyd edib ki, Hind Yeməkləri Festivalı da bu istiqamətdə növbəti uğurlu addımdır və iki ölkə arasında mədəni anlaşma və dostluğu daha da möhkəmləndirir.