Hindistanda COVID-19 virusuna yoluxanların sayı 31 milyonu ötüb
Pekin, 16 iyul, AZƏRTAC
Hindistanda ötən sutka COVID-19 infeksiyasına 38 min 949 yoluxma, virus səbəbindən 542 ölüm qeydə alınıb. Ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 31 milyonu ötüb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək 412 min 531 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstə sayı təxminən 430 min nəfərdir.
Martın əvvəlində Hindistanda pandemiyanın 2-ci və daha ağır dalğası başlayıb. Dalğanın mayın əvvəlinə təsadüf edən pik dövründə gündəlik yoluxma sayı 400 mini ötmüşdü. Həmin günlərdə sutkalıq ölüm sayı 4 mindən çox olub. Mayın ortalarından başlayaraq gündəlik yoluxma sayında azalma müşahidə olunur. Bununla əlaqədar bəzi yaşayış yerlərində karantin rejimi nisbətən yüngülləşdirilib.
Mütəxəssislər virusun yeni mutasiyalarının, xüsusən daha təhlükəli olan B1617 (Hindistan) ştamının yoluxuculuq qabiliyyətinin yüksək olmasının Hindistanda yoluxmaların çoxalmasına səbəb olduğunu düşünürlər. Artıq bu ştam dünyanın bir çox ölkəsinə yayılıb və yeni dalğaların yaranmasına səbəb olub.
Hindistanın baş epidemioloqu Samiran Panda bildirib ki, avqustun sonunda ölkə pandemiyanın yeni dalğası ilə üzləşə bilər. O, yeni dalğanın indikindən nisbətən yüngül olacağını güman etdiklərini bildirib. Federal hökumət əhalini kütləvi toplaşmalardan uzaq olmağa çağırıb.
Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar və Braziliyanın ardından 3-cü sıradadır.