SİYASƏT
HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin 200 illik yubileyi münasibətilə Moskvada bir çox dövlətlərin ədliyyə nazirlərinin, habelə nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Rusiya ədliyyə nazirinin dəvəti ilə tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov başda olmaqla nümayəndə heyəti təmsil etmişdir.
Dövlət Kreml sarayında keçirilən mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbriki oxunmuş, Rusiya hökumətinin sədri Mixail Kosyanov və ədliyyə naziri Yuriy Çayka çıxış etmişlər.
Nazir F.Məmmədov səfər çərçivəsində Rusiyalı həmkarı Y.Çayka ilə görüşmüşdür. Söhbət zamanı ölkələrimizin ədliyyə nazirlikləri arasında ötən il imzalanmış sazişin və əməkdaşlıq proqramının həyata keçirilməsinə, hüquqi sahədə əlaqələrin daha da genişləndirilməsinə dair faydalı fikir mübadiləsi aparılmış, konkret tədbirlər barədə razılıq əldə olunmuşdur.
Azərbaycan nümayəndə heyəti ayrı-ayrı ölkələrin ədliyyə orqanlarının rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların məsul şəxsləri ilə də işgüzar görüşlər keçirmişdir. Həmin görüşlərdə Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli demokratik islahatların, o cümlədən məhkəmə-hüquq islahatının müsbət nəticələri barədə məlumat verilmiş, hüquqi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.