IATA hasilatçı ölkələri daha az emissiyalı aviasiya yanacağı istehsal etməyə çağırıb
Bakı, 20 fevral, AZƏRTAC
Qlobal hava yollarının ən böyük kommersiya qrupunun rəhbəri neft istehsalçılarını daha aşağı emissiyalı aviasiya yanacağı istehsal etməyə çağırıb. O vurğulayıb ki, kommersiya məqsədli hava səyahətinin gələcəyi sənayenin uğurlu karbonsuzlaşdırılmasından asılıdır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Uolş bazar ertəsi Sinqapurda keçirilən aviasiya sammitində təmiz aviasiya yanacağının emissiyaları azaltmaq üçün ən yaxşı vasitə olduğunu bildirib. O əlavə edib ki, daha təmiz yanacağa çəkilən xərc adi reaktiv yanacaqdan üç-beş dəfə baha başa gəlsə də, tələb təklifi xeyli üstələyir.
Villi Uolş deyib: "İstehsal olunan hər bir yanacaq növündən istifadə olunacaq, çünki bu, həlli çətin olan bir problemdir. “Müştərilərə, tənzimləyicilərə, hökumətlərə və ümumilikdə insanlara davamlı şəkildə inkişaf edə biləcəyimizi sübut edə bilməsək, aviasiya sənayesinin gələcək inkişafı çətin olacaq”.
Pandemiyadan sonra hava yollarının ən böyük problemi 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaq məqsədinə çatmaqdır. Təmiz yanacaq sektoru hazırda qlobal emissiyaların nisbətən kiçik bir hissəsini təşkil etsə də, o, karbonsuzlaşdırma məsələsində böyük çətinliklərlə üzləşir. Gələcək onilliklərdə təmiz enerji ilə işləyən aviasiya sənayesinin tərəqqi sürəti digər sahələrdən geri qalsa, bu sahədə ciddi maliyyə problemləri də yarana bilər. Aşağı emissiyalı yanacağa keçid üçün təxminən 5 trilyon dollar kapital qoyuluşu tələb oluna bilər ki, bunun da böyük hissəsi dayanıqlı yanacaq emalı zavodlarının tikintisi üçün xərclənəcək.
V.Uolş, həmçinin hidrogenin yaxın vaxtlarda həyat qabiliyyətli alternativ mühərrik forması olmayacağı barədə xəbərdarlıq edərək bildirib ki, indi vacib olan vəzifə davamlı və təmiz aviasiya yanacağının istehsalının artırılmasıdır. Tullantı yağları və kənd təsərrüfatı xammalından hazırlanan təmiz yanacaq karbon emissiyalarını 80 faizə qədər azalda bilər. Lakin onun qlobal bazarda daha yüksək qiyməti aviasiya sənayesi üçün daha bir əngəldir. Baş direktorun sözlərinə görə, bu, qismən sərnişinlərin hesabına ödənilə biləcək əlavə xərclərdir. Məsələn, Sinqapur təyyarə bileti qiymətlərini qaldıra biləcək yanacaq rüsumunu tətbiq etməyə hazırlaşır.
IATA-nın rəhbəri vurğulayıb ki, aviasiya sənayesi daha bir neçə il yeni təyyarələr, mühərriklər və ehtiyat hissələri istehsal edən tədarük zəncirini təmin etməlidir. O vurğulayıb: "2025-ci ilə qədər yetərli sayda təyyarələr olacaq. Amma tədarük zənciri ilə bağlı yaranan böyük qeyri-müəyyənliyin fonunda öz fəaliyyətini planlaşdırmaq aviaşirkətlər üçün çox çətindir."