CƏMİYYƏT
icaze.e-gov.az portalında 242 minə yaxın icazə qüvvədə olub
Bakı, 16 iyun, AZƏRTAC
Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib.
Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 15 min 200 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsilə 241min 689 icazə qüvvədə olub.