DÜNYA
İçməli suda PFAS: İsveçdə bələdiyyənin minlərlə sakini təzminat alacaq
![İçməli suda PFAS: İsveçdə bələdiyyənin minlərlə sakini təzminat alacaq](/files/2023/3/1200x630/1701780762385273496_1200x630.jpg)
Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Bu gün İsveçin Ali Məhkəməsində səs-küylü qalmaqala səbəb olan PFAS (perftoralkil və poliftoralkil birləşmələr) işinə baxılıb.
AZƏRTAC xəbər verir ki, məhkəmə işi Ronnebü bələdiyyəsinin təqribən 5 minə yaxın sakininin qanında sağlamlıq üçün təhlükəli olan kimyəvi maddələrin yüksək miqdarının aşkarlanması ilə bağlı başlanıb.
2013-cü ilin payızında dairə administrasiyası yeraltı sularda zəhərli maddələrin miqdarının nümunələrinin geniş şəkildə seçimini aparıb. Həmin ilin dekabr ayının ortalarında Kallinqdə “Brantafors” sutəmizləmə stansiyası bağlanıb. “Ronneby Environment and Technology” bələdiyyə şirkəti suda PFAS-ın yüksək səviyyəsini aşkarlayıb. Sonradan təxminən 5 min sakinin qanında yüksək miqdarda kimyəvi maddələr olduğu üzə çıxıb.
PFAS 500-dək perftoralkil və poliftoralkil alkil turşularının toplu adıdır. Bu maddələr əsasən odsöndürənlərin köpüyündə, tavalarda, kosmetikanın və mebel parçalarının tərkibində olur. Ronnebünün içməli suyunda kimyəvi maddələr bir neçə onillik ərzində F17 aviabazasında istifadə olunan odsöndürən köpükdən yaranıb.
Bələdiyyənin 150 sakini birləşərək PFAS assosiasiyası yaradıb, “Miljöteknik” şirkətini məhkəməyə verib. Kimyəvi maddələr üzrə müfəttişliyin məlumatına görə, bəzi PFAS maddələrinin sağlamlığa təsiri barədə elmin kifayət dərəcədə məlumatı yoxdur. Bu kimyəvi maddələrin tədqiqatı indiyədək məhdudlaşdırılıb, lakin Höteborq və Lunda universitetlərindən olan tədqiqatçılar Ronnebü sakinlərini müşahidə ediblər. Onlar xolesterinin yüksək miqdarını və böyrək xərçəngi kimi bir çox xəstəliklərin artmasını aşkarlayıb, həmçinin xərçəngin bəzi növlərinin inkişaf riskini müəyyən ediblər.
İsveçin Ali Məhkəməsinin qərarına görə, Ronnebüdəki “Miljöteknik” su təchizatı bələdiyyə şirkətinin üzərinə içməli su ilə birgə PFAS qəbul edən sakinlərə zərərin ödənilməsi öhdəliyi qoyulub.