İcraçı direktor: Gələcəkdə Azərbaycan millisinə əcnəbi tennisçilər cəlb oluna bilər - MÜSAHİBƏ
Bakı, 30 dekabr, AZƏRTAC
Bu yaxınlarda Beynəlxalq Tennis Federasiyasının (ITF) 2023-2027-ci illər üçün İşçi Qrupuna üzv seçilən Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Əvvəlcə sizi ITF-nin "Davis" və "Billie Jean King" kubokları üzrə İşçi Qrupuna üzv seçilməyiniz münasibətilə təbrik edirəm. Bununla bağlı təəssüratlarınızı bilmək istərdik…
- Təşəkkür edirəm. Əlbəttə ki, Beynəlxalq Tennis Federasiyasının adıçəkilən kuboklarının İşçi Qrupunun üzvü olmaq böyük bir imtiyazdır. Sevindirici hal odur ki, tarixdə ilk dəfə Beynəlxalq Tennis Federasiyasında Azərbaycanı təmsil edən nümayəndə var. Digər məsələ isə beynəlxalq arenada təcrübə qazanmağa imkanı verir ki, bu da öz növbəsində ölkəmizdə tennis idman növünün inkişafına sərf oluna bilər.
- Son illərdə azərbaycanlı idman funksionerləri beynəlxalq idman təşkilatlarında daha çox təmsil olunmağa başlayıblar. Bunun səbəbini nədə görürsünüz?
- Ölkəmizdə idmana olan maraq və dəyər getdikcə artır. İdman sahəsində əldə olunan təcrübə və nailiyyətlər bizim funksionerlərə beynəlxalq təşkilatlarında təmsil olunmağa yol açır.
- Hazırda Azərbaycanda tennis idman növünün ümumi durumu necədir?
- Azərbaycanda tennis hazırda özünün inkişaf mərhələsini yaşayır. Federasiya gənclərin bu idman növü ilə məşğul olması üçün lazımlı şəraitin yaradılmasını təmin edir. Uşaqlardan ibarət yeni qrupların yığılması və onların davamlı olaraq tennislə məşğul olması üçün hər cür şərait yaradılır. Bakıda yerləşən bir neçə tennis klubunda azyaşlılar üçün tennis dərsləri verilir. Bu dərslər peşəkar məşqçilər tərəfindən yerinə yetirilir və uşaqlar ümumi qaydalarla yaxından tanış olurlar. Federasiya tərəfindən ildə 4 dəfə yerli turnirlər təşkil olunaraq uşaqların tennis haqqında olan bilik və bacarıqları yoxlanılır. Statistika onu göstərir ki, iştirakçıların sayı hər ay artır. Digər tərəfdən də Bakı Tennis Akademiyasında uşaq qrupları da yaradılıb. Qeyd etmək istərdim ki, noyabr ayında keçirilən Azərbaycan birinciliyinə 60-dan çox uşaq qatılaraq ürəkaçan nəticələr əldə edib. Bundan başqa, valideyn himayəsindən məhrum olan uşaqlar üçün Bakı Tennis Akademiyasında tennis məşq saatları da təşkil edilir.
Azərbaycan Tennis Federasiyası yeniyetmələr arasında beynəlxalq turnirlərə də ev sahibliyi edir.
Bundan əlavə, federasiya bəzi özəl məktəblərdə tennis dərsləri təşkil edib. Bəzi təhsil ocaqlarından uşaqlar master-klas üçün Bakı Tennis Akademiyasına dəvət olunurlar. Bu tədbirlərin hər biri onlarda tennisə marağın yaradılması üçündür. Son vaxtlar böyüklər arasında da tennisə kifayət qədər maraq oyanıb. Bu idman növü ilə maraqlanan kütlə kifayət qədər artıb. Milli tennisçilərimiz ölkə xaricində təşkil olunan turnirlərdə Azərbaycanı layiqincə təmsil edirlər.
- Tennisə marağı artırmaq üçün başqa hansı işlər görülür?
Yuxarıda qeyd etdiklərimdən əlavə, sosial mediada paylaşımlar, KİV-lərə verilən müsahibələr, televiziya proqramlarında iştirak və s. Azərbaycan Tennis Federasiyası tərəfindən ölkədə bu idman növümə olan marağın artırılması üçün görülən işlərdəndir.
- Bu il Azərbaycan tennisçiləri hansı beynəlxalq yarışlarında iştirak ediblər?
- Bildiyiniz kimi, kişilər arasında keçirilən “Davis” Kubokunun qrup oyunlarında iştirak edən milli komandamız yüksək nəticə göstərərək 3-cü qrupa yüksəlib. Qızlardan ibarət yığmamızın “Billie Jean King” Kubokunda iştirakı da təmin edilib. Tennisçilərimiz bu il Avropa çempionatlarında, mükafat fondu olan beynəlxalq tennis turnirlərində də öz güclərini sınayıblar. Həmçinin tennisçilərimizə bu il ölkəmizdə təşkil olunan 15 həftəlik beynəlxalq və Avropa turnirlərində iştirak üçün müvafiq şərait yaradılıb.
- Gələcəkdə Azərbaycan yığmasına əcnəbi tennisçilər cəlb etmək planınız var?
- Hələlik belə fikrimiz yoxdur. Lakin gələcəkdə bu məsələyə baxıla bilər. Hazırda ən böyük hədəfimiz öz tennisçilərimizin səviyyəsini artıraraq peşəkar idmançılar hazırlamaqdır.
- 2024-cü ildə Azərbaycanda hansısa beynəlxalq tennis turnirinin təşkili gözlənilirmi?
- Ənənəvi olaraq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan 12, 14 və 16 yaşlılar arasında Avropa tennis turnirləri, 18 yaşlılar arası ITF beynəlxalq turnirləri, mükafat fondu olan beynəlxalq yarışlar, milli birinciliklər və çempionatlar, padel üzrə tanıtım turnirləri, mükafat fondu olan padel yarışlarının keçirilməsi planlaşdırılır.
- Padel tennisindən söz düşmüşkən, son vaxtlar ölkədə bu növün təbliğatı və inkişafı istiqamətində hansı işlər görülür?
- Bildiyiniz kimi, padel idman növünün ölkədə inkişaf və təbliğ etdirilməsi Azərbaycan Tennis Federasiyasına həvalə edilib. Bu münasibətlə də federasiyamız Beynəlxalq Padel Federasiyasının üzvü olmaq üçün müvafiq tədbirlər görüb və buna müvəffəq olub. Gənclər və İdman Nazirliyi və Beynəlxalq Padel Federasiyasının dəstəyilə qızlardan ibarət milli komandamız Polşanın Krakov şəhərində keçirilmiş Avropa Oyunlarında iştirak edib. Bu ilin oktyabr ayında Beynəlxalq Padel Federasiyasının baş məsləhətçisi Daniel Pattini Azərbaycana qonaq qismində dəvət etmişdik. O, ölkədə padel kortları ilə yaxından tanış olub, bu növün inkişafı istiqamətində öz məsləhət və töhfələrini vermişdir. Həmçinin bolqarıstanlı məşqçi Vasil Mladenov padel üzrə təlim-məşqlər və master-klaslar təşkil edir. Hədəflərimizdən biri də Bakıda ərazisində padel kortlarını inşa etmək, idmançıların sayını artırmaq və beynəlxalq turnirlər təşkil etməkdir.