QAN YADDAŞI
İctimai Səhiyyə və İslahatlar Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İSİM-dən AZƏRTAC-a bildirmişlər ki, iştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Azərbaycanın müstəqilliyinin əldə olunmasında şəhidlərimizin rolundan danışan İSİM-in direktoru Ceyhun Məmmədov bildirmişdir ki, 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiyməti ulu öndər Heydər Əliyev vermişdir.
Tədbirdə 20 Yanvar hadisələri barədə həqiqətlərin dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri xatırlanmışdır. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanat vermiş, bu qanlı cinayətin günahkarlarının adlarını çəkərək onların cəzalandırılmasını tələb etmişdir.
Bildirilmişdir ki, Vətən yolunda şəhid olanlar ölmürlər. Onlar millətimizin iftixarıdır və heç zaman unudulmayacaqlar.
Şəhid ailələrinə dövlət tərəfindən qayğı göstərildiyi, onların sosial təminatın gündən-günə yaxşılaşdırıldığı da diqqətə çatdırılmışdır.