İCTİMAİ TELEVİZİYANIN YUBİLEYİNDƏ ƏN MÜASİR STUDİYALAR DA AÇILMIŞDIR
Mərasimdə Prezidentin İcra Aparatının, Milli Məclisin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının, diplomatik korpusun, KİV-in nümayəndələri, tanınmış ziyalılar, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, xalq şairləri Qabil, Sabir Rüstəmxanlı, xalq artisti Amaliya Pənahova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsinin birinci müavini İlham Şamilov, İctimai Teleradionun Yayım Şurasının sədri Cahangir Məmmədli şirkətin kollektivini bir illik uğurlu fəaliyyəti münasibətilə təbrik etmişlər.
Sonra çıxış edən Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın Avropaya inteqrasiyası, demokratik hüquqi dövlət quruculuğu üstün istiqamətlər kimi elan olunmuşdur. Avropanın qabaqcıl ölkələrində olduğu kimi, heç bir kommersiya məqsədi güdməyən, ayrı-ayrı qrupların maraqlarını əks etdirməyən, yalnız cəmiyyətə xidmət edən bir televiziyanın yaradılması o vaxtdan gündəliyə gəlmişdi. Ölkəmizdə belə televiziyanın mövcudluğuna görə, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyevə minnətdarıq. Dövlət bu qurumun yaradılması üçün 12 milyon ABŞ dolları məbləğində sərmayə ayırmış, özünün strateji zavodlarından birinin binasını ona vermişdir.
Ə.Həsənov İctimai Televiziyanın yaranmasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu vurğulamış, şirkətin fəaliyyətə başlamasına həsr olunmuş mərasimdə dövlətimizin başçısının dediyi “Mən ümid edirəm ki, İctimai Televiziya Azərbaycanda özünəməxsus və çox önəmli yerini tutacaqdır”, – sözlərini xatırlatmışdır.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov çıxışında demişdir ki, fəaliyyətimiz dövründə efiri xalqın bütün qruplarının üzünə eyni dərəcədə açdıq. Bu bir ildə Azərbaycan xalqının milli mücadiləsini ekrana gətirdik, 50 milyon azərbaycanlının yaşadığı bütün məşəqqətləri, faciələri, problemləri ekranda tamaşaçı ilə həmahəng yaşadıq, “Körpü” qurub Bakını Təbrizə apardıq, Təbrizi Bakıya gətirdik. Ötən bir ildə radio yaratdıq, qəzet təsis etdik, sayt açdıq. Bu uğurlar təkcə yaradıcı kollektivin xidməti sayəsində əldə edilməmişdir. Bu, hər şeydən əvvəl, gənc, müstəqil dövlətimizin gücüdür, qüdrətidir, onun tərəqqisinin göstəricisidir. Televiziyanın bu uğurlarına görə möhtərəm Prezidentimizə minnətdarıq.
Sonra iki yeni studiyanın açılışı olmuşdur. Studiyalarda quraşdırılmış avadanlığın Azərbaycanda analoqu yoxdur, burada müasir televiziyanın bütün texnoloji tələbatı nəzərə alınıbdır. İTV gələn ildən yeni peyk sisteminə qoşulacaqdır. Bundan sonra Avropa, Asiyanın çox böyük hissəsi İctimai Televiziyanı izləyə biləcəkdir. Bölgə müxbirləri üçün 13 ədəd kompyuter-montaj kompleksi alınıb yerlərə göndərilmişdir. Tezliklə mobil peykötürücü stansiyası quraşdırılacaqdır.
Mərasim iştirakçıları şirkət əməkdaşlarının iş şəraiti ilə də tanış olmuşlar.