CƏMİYYƏT
İdarəetmədə uğurlar qazanmış qadınlar təcrübələrini bölüşüblər
Bakı, 8 mart, AZƏRTAC
“ELSA Azərbaycan” (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar hakimiyyətin bütün qollarında” adlı “Career Talks” - “Karyera söhbətləri” peşəkar inkişaf layihəsi həyata keçirilib.
Layihədə idarəetmə sahəsində böyük uğurlar qazanmış, icra və məhkəmə hakimiyyəti orqanlarında yüksək vəzifələrə yiyələnmiş peşəkar qadınlar panelçi qismində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyini hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova çıxış edib. Sonra Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Şəlalə Həsənova, Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsində aparıcı məsləhətçi kimi fəaliyyət göstərən Səbinə İsayeva hüquq peşəsinin əsasları, öz peşələrində uğur qazanmaq üçün tələbələrin və gənc hüquqşünasların diqqət etməli olduqları məqamlar və imkanlar barədə iştirakçılarla öz təcrübələrini bölüşüblər.
Daha sonra panelçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb və onlara öz peşələrində uğurlu olmaq üçün məsləhətlər verilib.