IDEA Kampaniyası gəncləri ətraf mühitin mühafizəsi naminə səfərbər edir
Bakı, 18 noyabr (AZƏRTAC). Ölkəmizdə ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox layihələr reallaşdıran IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) Bakı şəhərinin ətrafında ağacəkmə aksiyası keçirmişdir.
Kampaniyadan AZƏRTAC-a bildirmişlər ki, aksiya ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasını sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılmasına töhfə vermək, onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi daşımışdır.
Noyabrın 17-də Zığ qəsəbəsində keçirilən aksiyada 150-dən çox könüllü gənc iştirak etmişdir. Gənclər tərəfindən məişət tullantılarından təmizlənmiş ərazidə 2500-dən çox iynəyarpaqlı ağac əkilmişdir.
Ağacların əkilməsi üçün seçilmiş bu ərazi əvvəllər əkinə yararsız olmuşdur. Lakin ərazinin tullantılardan təmizlənməsi və müxtəlif aqrotexniki xidmətlərin göstərilməsi ilə əkinə yararlı hala gətirilməsi də ağacəkmə aksiyasının müsbət mahiyyətini daha da artırır.
Gənclər aksiyada “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et” şüarı altında birgə ağac əkməklə təbiətə qayğılarını nümayiş etdirmiş və bu işdə digər gənclərə, o cümlədən azyaşlılara örnək olmağa çalışmışlar.
IDEA kampaniyası bu cür ekoloji aksiyaların mütəmadi təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Qeyd edək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən başladılmışdır.