İdman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir
Bakı, 13 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyaya nazirliyin kollektivi, idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, İdman Akademiyasının əməkdaşları və digər kateqoriyadan olan insanlar qoşulublar.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Aksiyada ümumilikdə 150-dən çox insan donor qan verib. Donorlardan toplanan qan talassemiyadan əziyyət çəkən xəstələrə bəxş olunacaq.
Qeyd edək ki, aksiya eyni zamanda Mərkəzi Qan Bankının region bölmələrində (Quba, Mingəçevir, Gəncə, Bərdə, Şirvan, Şəki, Lənkəran, Sumqayıt) keçirilir.