İdris İsmayılov: Şuşaya atılan “İsgəndər-M” raket kompleksinin raketidir
Bakı, 2 aprel, AZƏRTAC
Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər-M” raket kompleksinin raketinin qalıqları nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, raket qalıqları aprelin 2-də Bakıda “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən təqdim olunub.
Agentliyin operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, martın 15-də Minatəmizləmə Agentliyi tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkarlanıb.
O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Məlum olub ki, bu, “İsgəndər” raket kompleksinin raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir.
Aparılan son araşdırma nəticəsində qənaətə gəlinib ki, atılmış raket “İsgəndər-M” raket kompleksinin raketidir. Raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. Hazırda partlayış̧ yerində və ətrafda ilkin tədqiqatlar aparılır.
Həmçinin diqqətə çatdırılıb ki, Agentlik tərəfindən işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızda əməliyyat axtarış işləri davam etdirilir. Dekabrdan etibarən Şuşa şəhərində də evlərdə, zirzəmilərdə və döyüş getmiş bütün ərazilərdə axtarış aparılıb və 100-dən çox partlamamış hərbi sursat aşkarlanıb.