İƏT qadın hüquqlarının müdafiəsini prioritet vəzifə hesab edir
Bakı, 9 mart, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Pakistanın təşkilatçılığı ilə Nyu-Yorkda keçirilən “İslamda qadınlar: İslam Dünyasında qadınların hüquqları” mövzusunda beynəlxalq konfransdakı çıxışında rəhbərlik etdiyi təşkilatın qadınların cəmiyyət həyatında rolunun artırılması və onların dayanıqlı inkişaf hədəflərinə töhfəsindən bəhs edib.
Təşkilatın Baş katibliyində AZƏRTAC-a bildiriblər ki, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdarinin sədrliyi ilə keçirilən konfransda videoformatda çıxış edən Baş katib müsəlman qadınların hüquqlarının qorunması və İƏT-ə üzv dövlətlərin inkişafında onların rolunun artırılması istiqamətində həyata keçirilən proqram və layihələrdən bəhs edib. O vurğulayıb ki, İƏT həmişə qadınların cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib və onların təhsil, məşğulluq və sosial hüquqlarını ön plana çəkib. “Bu gün qadınlar bütün dünyada, o cümlədən İslam ölkələrində liderlik keyfiyyətlərini nümayiş etdirir, mühüm dövlət vəzifələrində, özəl sektorda, humanitar fəaliyyət sahəsində böyük uğurlar qazanırlar. Əsas məqsədimiz müsəlman qadınların yeni dünya şəraitində özlərinə daha möhkəm mövqe qazanmasını təmin etməkdir”, -deyə İƏT-in Baş katibi vurğulayıb.
Konfransda çıxış edənlər diqqətə çatdırıblar ki, İslam dinində qadınlara verilən hüquqlar haqqında hələ də davam edən yanlış təsəvvürlərin bir çox hallarda əsası yoxdur. Bu stereotiplərin aradan qaldırılması üçün həqiqi İslam dəyərlərinin qavranılması, onların elmi əsaslarda təbliği zəruridir. Zərif cinsin nümayəndələri də bu məsələdə fəal olmalı, cəmiyyətdə qadınların statusunun yüksəldilməsi istiqamətində səylər artırılmalıdır.