İlin birinci rübündə Yardımlıda üç dəfə çox sənaye məhsulları istehsal edilib
Yardımlı, 19 aprel, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda fəaliyyət göstərən sənaye müəssisələri və bu sahədə çalışan fərdi sahibkarlar tərəfindən ilin birinci rübündə 1595,2 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çox sənaye məhsulu istehsal edilib. Bu artım əsasən qeyri-dövlət sektoruna aid olmaqla, emal sektorunda məhsul istehsalının 4,9 dəfə artması hesabına baş verib. Rayonda istehsal olunan sənaye məhsulunun 23,8 faizi dövlət, 76,2 faizi isə qeyri-dövlət sektorunun payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, sənaye məhsulunun 1215,9 min manatı və ya 76,2 faizi emal sektorunda, 302,9 min manatı və ya 19,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 76,4 min manatı və ya 4,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
1215,9 min manatlıq emal sektorunda qida məhsullarının istehsalı 1211,2 min manat, içki istehsalı 2,4 min manat, mebellərin istehsalı isə 2,3 min manat təşkil edib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 42,1 faiz artaraq 302,9 min manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,8 faiz artaraq 76,4 min manat olub.