İlin birinci yarısı Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olub
Bakı, 6 iyul, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının 2021-ci ilin birinci yarımilinin son iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.
Akademik İsa Həbibbəyli əlavə edib ki, artıq “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin dördüncü cildi nəşr edilib. Bundan başqa, Türkiyədə yayımlanan “Qardaş qələmlər” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunub.
İclasda institutun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sadıqoğluna 90, Ofeliya İsmayılovaya 80 illik yubileyləri münasibətilə fəxri fərmanlar verilib.
Həmçinin iclasın gündəliyinə əsasən, Qarabağ Zəfərinin ildönümünə hazırlıq və görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun 110 illik yubileyinin qeyd edilməsi məsələləri müzakirə olunub.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2021-ci il üzrə yarımillik elmi hesabatını iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, pandemiyanın davam etməsinə baxmayaraq, hesabat dövrü Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlər baxımından əhəmiyyətli olub. Elmi katib Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi haqqında da məlumat verib. Həmçinin keçirilmiş tədbirlər, nəşr olunmuş kitablar, elmi-tədqiqat işləri, elektron elmin vəziyyəti, institutun nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr, institut tərəfindən keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər və s. haqqında ətraflı məruzə edib.
Sonda Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova institutun aidiyyəti sahə üzrə yarımillik hesabatını təqdim edib.