İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLƏRKƏN NÖQSANLARDAN DA DANIŞILDI
Rayonun bir sıra sənaye müəssisələri öz fəaliyyətlərini bərpa etmiş, nəticədə istehsal olunan məhsulların həcmi əvvəlki ilə nisbətən 29 faiz artmışdır. Hətta bu rəqəm “Gəncə şərab-2” ASC-də 70, “Gil-torpaq” istehsalat birliyində 37,3, Bentanit MMC-də isə 127,5 faiz olmuşdur. Lakin bununla belə “Neon” firması, “Gəncə-pivə” və “Yağ-piy” açıq səhmdar cəmiyyətləri məhsul istehsalını xeyli azaltmışlar.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi istiqamətində görülən işlər nəticəsində il ərzində rayon ərazisində olan istehsal sahələrinin genişləndirilməsi və yenilərinin yaradılması sayəsində 2 min nəfərdən artıq adam işlə təmin olunmuşdur ki, bu da əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdırmışdır.
Kəpəz Rayon Bələdiyyəsinin gördüyü işlərdən danışan natiqlər bildirmişlər ki, keçən il bu qurumla əlbir işin nəticəsində rayonun “Sevinc”, “Savalan”, “Natəvan”, “Avtozavod” və s. yaşayış sahələrində xeyli abadlıq, quruculuq işləri görülmüş, bir neçə idman meydançası yaradılmışdır.
Təhsil və səhiyyədəki nöqsanlardan danışan natiqlər cari ildə bu vacib sahələrdə köklü islahatlar aparılmasının zəruriliyini vurğulamış və bu təşkilatların rəhbərlərindən işlərində dönüş yaratmağı tələb etmişlər. Əhalinin qaz, su və elektrik enerjisi ilə təminatında heç bir problemin olmadığını vurğulayan natiqlər cari ildə də bu sahələrin diqqət mərkəzində saxlanılacağına əminlik ifadə etmişlər.
Axırda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov çıxış edərək 2005-ci ildə rayonda görülən işlərə münasibətlərini bildirmiş və qarşıda duran vəzifələrin həlli ilə bağlı fikirlərini açıqlamışlar. Fəallar yığıncağında müzakirə olunan məsələ ilə bağlı geniş qərar qəbul edilmiş və Kəpəz rayon ictimaiyyəti nümayəndələri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.