İlqar Gülməmmədov: Su şəhərlərin gələcəyini müəyyən edən strateji amildir
Bakı, 20 may, AZƏRTAC
Bu gün dünyadakı şəhərlər bir çox ciddi çağırışlarla üz-üzədir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, su qıtlığı, daşqın riskləri, həddindən artıq yüklənmiş infrastruktur və ekoloji dayanıqlılıq məsələləri bunların sırasındadır. Bütün bu çağırışların mərkəzində isə bir amil dayanır - su.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə Ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, XXI əsrdə dayanıqlı şəhər anlayışı yalnız yollar və binalarla məhdudlaşmır. Məhz buna görə də Azərbaycan son illərdə su sektoru sahəsində sistemli transformasiya mərhələsinə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə su ehtiyatlarının idarə olunması dövlət siyasətinin strateji prioritetlərindən birinə çevrilib. İnstitusional islahatlar, vahid idarəetmə modelinin yaradılması və uzunmüddətli planlaşdırma yanaşması bu sahədə yeni mərhələnin əsasını qoyub.
İlqar Gülməmmədov bildirib ki, bu transformasiyanın mühüm tərkib hissələrindən biri 2024–2040-cı illəri əhatə edən Milli Su Strategiyasıdır. “Bu gün Milli Su Strategiyası bizim üçün sadəcə sahə sənədi deyil. Bu strategiya su təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışı müəyyən edən yol xəritəsidir”, – deyə o vurğulayıb.
Qeyd olunub ki, strategiyanın əsas məqsədləri su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması, su itkilərinin azaldılması, dayanıqlı infrastrukturun qurulması və iqlim dəyişikliklərinə uyğunlaşmanın gücləndirilməsindən ibarətdir.
Sədr müavini əlavə edib ki, həyata keçirilən proqramlar çərçivəsində əsas hədəflər su təchizatının etibarlılığının artırılması, içməli su itkilərinin minimuma endirilməsi, müasir yağış və tullantı su infrastrukturlarının genişləndirilməsi, eləcə də Bakı və Abşeronun iqlim dəyişikliklərinə qarşı daha dayanıqlı hala gətirilməsidir.