REGİONLAR
İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib
İmişli, 7 mart, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyələşdirdiyi layihə çərçivəsində İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələrinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində nazir müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun dirçəlişi, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar barədə məlumat verib, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli şəraitin yaradılmasının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli rol oynayır.
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Valid Ağayev yem emalı müəssisələrinin istifadəyə verilməsinin Nurulu və Şahverdili kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını vurğulayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Bricit Voker birgə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin regionların inkişafına töhfə olduğunu bildirib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hər iki müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.