İndiyədək 175 gənc KOBİA-da və struktur bölmələrində könüllü fəaliyyətinə cəlb olunub
Bakı, 17 avqust, AZƏRTAC
“Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 6 gənc Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işə qəbul edilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə indiyədək 175 gənc agentlikdə və onun struktur bölmələrində könüllü fəaliyyətinə cəlb olunub. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə “KOB könüllüsü” olmuş bir qrup gənc müxtəlif dövlət və özəl müəssisələrdə, 7 könüllü isə agentlikdə əmək fəaliyyətinə başlayıb. 2020-ci ilin ötən dövründə “KOB könüllüləri”nin təşəbbüsü və iştirakı ilə Bakıda və ölkə regionlarında müxtəlif sosial aksiyalar, maarifləndirmə təbirləri və layihələr həyata keçirilib. “Könüllülər ili”nə töhfə vermək üçün KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” çap olunub, könüllülərə və gənclərə pulsuz paylanılıb. Kitab gənclər, könüllülər və bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün daha əlçatan olması, geniş auditoriyaya təqdim edilməsi məqsədilə Prezident Kitabxanasının “E-kitablar” bölməsində elektron versiyada yerləşdirlib (http://www.ebooks.az/book_RktYb5zO.html).
Qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir. Proqrama qoşulmaq və agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın “www.smb.gov.az” saytındakı “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.