İndoneziya mətbuatında “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
İndoneziya Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında inteqrasiya olunmuş dövlət xidmətləri göstərən vahid mərkəz açmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın nüfuzlu mətbu orqanında dərc edilən məqalədə qeyd olunub.
Yazıda ötən həftə İndoneziya Prezidentinin xüsusi elçisi, eyni zamanda, inzibati və bürokratik islahatlar nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, “ASAN xidmət” modeli ilə yaxından tanış olmaları barədə geniş məlumat yer alıb. “ASAN xidmət”in uğurları, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülməsi xüsusi vurğulanıb.
Bildirilib ki, Azərbaycanda inteqrasiya olunmuş dövlət xidmətləri göstərən mərkəz vahid məkanda vətəndaşa 400-ə yaxın xidmət təqdim edir. İndoneziyanın Banyuvangi əyaləti də bu xidməti həyata keçirmək istəyir. Qeyd olunur ki, dünya standartlarına cavab verən bu cür mərkəzlərdə müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə operativ və rahat formada xidmət göstərilir. Bu da öz növbəsində şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Qeyd edək ki, cari ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.