İndoneziya parlamentinin nümayəndələri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 17 fevral, AZƏRTAC
İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti
fevralın 17-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah jurnalistlərə müsahibəsində deyib ki, bu səfər İndoneziya ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin əyani sübutudur. Ölkələrimiz eyni dəyərləri, fikirləri və dini paylaşır. Azərbaycanla İndoneziya arasında çox gözəl münasibətlər var. Əməkdaşlığımız gələcəkdə daha da genişlənəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı F.Hamzah deyib ki, İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O, İndoneziyanın dünyada Xocalı soyqırımının tanınması istiqamətində də əlindən gələni əsirgəmədiyini vurğulayıb.