İnformasiya elçiləri gənclərin maarifləndirilməsi ilə məşğul olacaqlar
Hacıqabul, 20 aprel, Aydın Yavərzadə, AZƏRTAC
“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Region gəncləri üçün Sağlamlıq Festivalı” adlı layihə çərçivəsində Hacıqabul, Sabirabad və Şirvanda tədbirlər həyata keçirib. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu hesabına maliyyələşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 360 gənc festivalda iştirak edib. Festival çərçivəsində gənclər üçün müxtəlif formada interaktiv idman oyunları keçirilib. Region gəncləri üçün sağlamlığın faydaları haqqında maarifləndirici bukletlər nəşr olunaraq zamanı paylanılıb.
Layihə çərçivəsində sağlamlıq sahəsi üzrə informasiya elçiləri hazırlanıb. İnformasiya elçiləri gələcəkdə müxtəlif vasitələrlə gənclərin mütəmadi maarifləndirilməsi ilə məşğul olacaqlar. Layihənin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub.
Layihənin həyata keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri sağlamlıq festivalına cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında sağlam həyat tərzinin təbliği və sağlamlıq sahəsində təbliğat və maarifləndirmə işinin aparılmasıdır.