İnformasiya Texnologiyaları İnstitutunda yarımillik hesabatlar dinlənilir
Bakı, 6 iyul, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda yarımillik hesabat iclaslarına start verilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Elmi şuranın növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. O, tədbirin institutda 2021-ci ilin I yarısı üzrə aparılan elmi-tədqiqatlara və əsas elmi nailiyyətlərə dair hesabatlara həsr olunduğunu bildirib. R.Əliquliyev rəhbərlik etdiyi qurumun nəzdindəki Dissertasiya şurasının artıq fəaliyyətə başladığını diqqətə çatdırıb.
Akademik yarımillik hesabatlardan sonra institutun doktorant və dissertantlarının elmi fəaliyyətlərinin monitorinqi, gənc tədqiqatçıların attestasiya nəticələrinin təhlili, eyni zamanda, elmlər doktoru elmi dərəcəsini almaq iddiasında olan bir qrup əməkdaşın dissertasiya işlərinin icra vəziyyətinin müzakirəsinə həsr olunmuş seminarların keçiriləcəyini bildirib.
AMEA-nın Ümumi yığıncağında rəhbərlik etdiyi müəssisənin qarşısına mühüm vəzifələr qoyulduğunu bildirən akademik institutun fəaliyyətinin dövlətin siyasətinə uyğunlaşdırılması və müasir elmin tələblərinə cavab verməsinin son dərəcə önəmli olduğunu deyib. R.Əliquliyev bildirib ki, hər bir əməkdaş institutun prioritet istiqamətlərdə aparılan tədqiqatlara həsr olunmuş elmi seminarları, elmmetriya saatları, eləcə də Elmin İnkişafı Fondu və digər qurumların təşkil etdiyi müvafiq qrant layihələrində fəal iştirak etməlidir.