İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Bildirilmişdir ki, tədbirdən məqsəd ölkələrimiz arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq imkanlarını, birgə layihələrin icrasını müzakirə etməkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev ölkəmizdə informasiya texnologiyalarının tətbiqi sahəsindəki vəziyyətdən danışmış, əldə olunan nailiyyətləri diqqətə çatdırmışdır. O, tədbirin Azərbaycan ilə Rusiya arasında İKT sahəsində əlaqələrin inkişafına təkan verəcəyini demişdir.
Bildirilmişdir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması ölkəmizdə bu sahənin inkişafına böyük təkan vermişdir. Telekommunikasiya, informasiya əldə etmək, elektron ticarət haqqında qanunlar qəbul edilmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edilmişdir. İKT üzrə xüsusi iqtisadi zonanın (Texnopark) yaradılması istiqamətində iş davam etdirilir.
Rabitə və informasiya texnologiyaları sahəsində Pakistan, Moldova, Ukrayna, İtaliya ilə hökumətlərarası sazişlər, Çin, Misir və Almaniya ilə anlaşma memorandumları, Türkiyə, Qazaxıstan, eləcə də Rusiya ilə niyyət protokolları imzalanmışdır.
Tədbirdə Rusiya Federasiyası Federal İnformasiya Texnologiyaları Agentliyinin şöbə müdiri Sergey Xlamov ölkəsində bu sahədəki vəziyyətdən danışmış, əməkdaşlıq imkanlarına toxunmuşdur.
“Sinam” şirkətinin prezidenti Elçin Əliyevin “Vahid informasiya məkanı çərçivəsində Azərbaycan və Rusiyanın strateji əməkdaşlığı” mövzusunda məruzəsi dinlənilmiş, İKT sahəsində özəl bölmənin üzərinə düşən vəzifələr qeyd edilmişdir.
Dəyirmi masada ölkələrimiz arasında İKT sahəsində əlaqələrin inkişafına dair təkliflər verilmişdir.