İngiltərənin Bournemouth şəhərində Novruz bayramı qeyd edilmişdir
Bakı, 22 mart (AZƏRTAC). İngiltərənin Bournemouth şəhərində Azərbaycanın Londondakı səfirliyinin, Azərbaycan-Avropa Cəmiyyətinin birgə təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Ceyhun Osmanlı, Qənirə Paşayeva, Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropa-Azərbaycan Cəmiyyətinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Beynəlxalq Bankının London nümayəndəliklərinin əməkdaşları, KİV təmsilçiləri və xarici qonaqlar iştirak etmişlər.
Tədbirin əlaqələndiricisi, ARDNŞ-ın təqaudçüsü, Bounemoth Business School da təhsil alan Mətanət Tağıyeva ölkələrimiz arasındakı münasibətlərin tarixi və bu günü ilə bağlı iştirakçıları məlumatlandırmışdır. M.Tağıyeva ötən 20 il ərzində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının genişləndiyini vurğulamış, ölkələrimiz arasında enerji siyasətinin həyata keçirilməsində Britaniya şirkətlərinin qabaqcıl rolundan danışmışdır.
Bildirilmişdir ki, Azərbaycanda Britaniya şirkətlərinin fəaliyyəti iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsininin sübutudur. Həmçinin qeyri-neft sektoruna son zamanlar Britaniya şirkətlərinin maraq göstərdiyi, təhsil, mədəniyyət sahəsində də əlaqələrin genişləndiyi diqqətə çatdırılmışdır.
Tədbirdə ölkələrimiz arasında təhsil və mədəni mübadilə sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu da vurğulanmışdır.
Britaniya universitetlərində təhsil alan azərbaycanlıların sayının artdığı, hazırda təkcə ARDNŞ-nin Dövlət Təqaüd Proqramı çərçivəsində bu ölkənin müxtəlif universitetlərində yüzlərlə tələbənin təhsil aldığı bildirmişdir. Britaniyada da Azərbaycan təşkilatlarının fəal olduqları, İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa-Azərbaycan Cəmiyyəti, Azərbaycan Evi kimi qurumların ölkələrimiz arasındakı münasibətlərə və Azərbaycan mədəniyyətinin bu ölkədə tanıdılmasına töhfə verdikləri iştirakçıların diqqətinə çatdırılmışdır.
Mərasimdə Novruzla bağlı adət-ənənələrdən də söhbət açılmış, bu bayramın UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısı”na daxil edildiyi bildirilmişdir. O, Novruzun Azərbaycanın qədim təqvimində Yeni İlin başlanğıcı, təbiətin oyanışı olduğunu bildirmişdir.
Sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim edilmişdir.