İntellektual oyunlar üzrə “Xəzər Kuboku“ VI beynəlxalq turnirinin açılış mərasimi olub
Bakı, 9 iyun, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 9-da Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə intellektual oyunlar üzrə “Xəzər Kuboku“ VI beynəlxalq turnirinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Faiq Hüseynov yarışın keçirilməsinin gənclərin intellektual səviyyələrinin artırılmasındakı rolundan danışıblar. Bildirilib ki, bu yarış ölkə gənclərinin intellektual səviyyəsinin artırılması istiqamətində atılan uğurlu addımlardan biridir.
Qeyd olunub ki, iyunun 7-dən 11-dək intellektual oyunlar üzrə “Xəzər Kuboku“ VI beynəlxalq turniri çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Xəmsə” və “Breyn-Rinq” oyunları üzrə yarışlar keçiriləcək. Yarışlarda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Niderland, Ukrayna, Tacikistan və İsraildən 200-dən artıq gənc mübarizəyə qoşulub.
Həmçinin turnir çərçivəsində “Ağıllı şəhər - Bakı” layihəsi çərçivəsində həvəskarlar arasında da “Nə? Harada? Nə zaman?” oyunu üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Bu yarışın nəticələrinə əsasən ilk dörd yeri tutan komandalar bu ilin yayında Kiprdə keçiriləcək intellektual oyunlar üzrə həvəskarlar arasında dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Çıxışlarda Azərbaycan komandalarının beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə məlumat verilib, ölkəmizdə gənclər sahəsində göstərilən yüksək diqqət və qayğıdan danışılıb.
Rəsmi hissədən sonra yarışlara start verilib.