İNVESTİSİYA FƏALİYYƏTİNİN İLK DÖVRÜNDƏ “MİNGƏÇEVİR İZOLİT” SƏHMDAR CƏMİYYYƏTİNDƏ 200 NƏFƏR İŞLƏ TƏMİN OLUNACAQDIR
Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə keçirmişdir. Səsvermənin nəticəsinə uyğun olaraq “Alfa-Layn” Məhdud Məsuliyyətli Cəmiyyəti “Mingəçevir İzolit” Açıq Səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
“Alfa-Layn” MMC təqdim etdiyi İnvestisiya Proqramına və komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən səhmdar cəmiyyətinə bir il ərzində 701 min AZN məbləğində sərmayə yatıracaqdır. Həmin məbləğ əsasən mövcud istehsal sahəsinin genişlənməsi və yenidən qurulmasına, qurğu və avadanlığın müasir standartlara uyğunlaşdırılmasına yönəldiləcəkdir. Eyni zamanda, səhmdar cəmiyyətində yeni sınaq laboratoriyasının qurulması da nəzərdə tutulmuşdur.
Müsabiqənin digər şərtlərinə müvafiq olaraq “Alfa-Layn” MMC alqı-satqı müqaviləsinin imzalandığı tarixdən 60 təqvim günü müddətində 200 min AZN məbləğində vəsaiti dövlət büdcəsinə köçürməli, 90 təqvim günü ərzində 15 min dövlət özəlləşdirmə çekini təqdim etməlidir.
Bunlarla yanaşı, müəssisənin sosial həyatında da bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Məsələn, investisiya fəaliyyətinin ilk dövründə işçilərin sayının 200-ə çatdırılması vəd olunmuşdur.