İqbal Həsənəlizadə: Sosial mövzularla işləyən rəssam emalatxanasından kənara çıxır
Bakı, 20 fevral, Anara Axundova, AZƏRTAC
Bu yaxınlarda açılan Asiman qalereyasında Azərbaycan rəssamı İntiqam Ağayevin “Susuzluq” adlı yeni rəsm silsiləsinin təqdimatı keçirilib. Ən aktual müasir problemlərdən biri olan su ehtiyatlarının tükənməsinə həsr olunmuş bu sərgidə suyun həyat və yaddaş mənbəyi kimi rolunu vurğulanır.
Rəssam və Asiman qalereyasının direktoru İqbal Həsənəlizadə AZƏRTAC-a verdiyi müsahibədə rəssamın təcrübəsini və təsviri sənəti cəmiyyətin aktual problemləri ilə birləşdirən tematik sərgilərə gələn ziyarətçilər haqqında danışıb.
O qeyd edib: “Sosial mövzularla işləyən rəssamlar emalatxanasından kənara çıxırlar. Onlar təkcə təxəyyüllərini, biliklərini və xatirələrini deyil, həm də statistikanı, hesabatları və konteksti araşdırmağa başlayırlar. Bu, rəssamın və ya hər hansı digər yaradıcının işini sosial tədqiqat formasına çevirir. İncəsənət təkcə özünüifadə deyil, həm də dünya haqqında bir ifadə tərzinə çevrilir”.
Qalereya direktoru rəssamların etiraz ideyalarını irəli sürmək üçün bədii və ifadəli vasitələrdən istifadə etdiyi və nəticədə əsərin ictimai müzakirələrə təsir göstərdiyi artivizm kimi tanınan müasir incəsənət hərəkatından bəhs edib.
“Adətən, sosial məsələlər rəsmlə maraqlanmayan insanları da cəlb edir. Təkrar edirəm, rəssam emalatxanadan kənara çıxır. Həm də onun işi bədii mühit çərçivəsini aşır. Bu layihələr daha geniş auditoriyanı cəlb edir və cəmiyyətdə qızğın müzakirə olunur. Asiman qalereyasında bu yaxınlarda keçirilən sərgimiz də istisna deyildi. Su mövzusuna yaxın olan dövlət qurumlarının da marağını görürük. Sərgi, həmçinin çoxlu ziyarətçi cəlb etdi və biz bundan çox məmnunuq”, - deyə İqbal Həsənəlizadə qeyd edib.