DÜNYA
İranda məktəblərdə kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox şəxs saxlanılıb
![İranda məktəblərdə kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox şəxs saxlanılıb](/files/2023/1/1200x630/16785685624753033572_1200x630.jpg)
Bakı, 12 mart, AZƏRTAC
İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox şəxs müəyyən edilərək saxlanılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla bildirir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında saxlanılanların bəzilərinin düşmənçilik niyyətli şəxslər olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, onların terror təşkilatları ilə əlaqəsi olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi bildirilir.
Açıqlamada bildirilib ki, ötən həftədən zəhərlənmə hallarının sayı xeyli azalıb.
Qeyd edilir ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.