İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri də karantinə alınıb
Tehran, 13 mart, AZƏRTAC
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayəti karantinə alınıb.
AZƏRTAC İRİB televiziya kanalına istinadla xəbər verir ki, Ə.Ə.Vilayəti səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edərək müayinədən keçib. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib və dərhal karantinə alınıb.
Qeyd edək ki, koronavirus artıq İranın bütün vilayətlərinə yayılıb. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpurun mətbuata açıqlamasında bildirib ki, virusa yoluxanların sayı 10 mini, ölənlərin sayı isə 400 nəfəri keçib.
İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi koronavirusun İrana qarşı istifadə edilən bioloji silah ola biləcəyi ehtimalını irəli sürüb və Silahlı Qüvvələrin Baş Qərargahına xüsusi mərkəzin yaradılması tapşırığını verib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə “Twitter” hesabında ABŞ-ın sanksiyalarını tənqid edərək bildirib ki, İranın tibbi maskaya, istilik ölçən cihazlara, dezinfeksiya etmək üçün məhlullara ehtiyacı var. Lakin ABŞ-ın sanksiyaları bu ehtiyacları ödəməyə imkan vermir.
Hazırda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Tehran və digər böyük şəhərlərin küçələrində dezinfeksiya işləri həyata keçirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran