İRAQ MÜHARİBƏSİ AMERİKAYA NEÇƏYƏ BAŞA GƏLƏCƏK?
Bostonda keçirilən “İqtisadçılar sülh və təhlükəsizlik naminə” konfransının iştirakçıları sabiq Prezident Bill Klintonun və Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının müşaviri olmuş Stiqlitsin məruzəsini tam ciddiliyi ilə qarşılamışlar.
2 trilyon dollar ABŞ hökumətinin hesablamalarında nəzərdə tutulduğundan 10 dəfə çoxdur. 2002-ci ildə Ağ ev bildirmişdi ki, İraq müharibəsi 100-200 milyard dollara başa gələcəkdir. İndi Pentaqon bəyan edir ki, İraq müharibəsinə çəkilən cari xərclər 200 milyard dollara çatmışdır və hər ay 4,5 milyard dollar artır.
Pentaqondan fərqli olaraq, professor Stiqlits heç də təkcə Yaxın Şərqdəki hərbi texnikanın dəyərini və qoşunların saxlanılması xərclərini, İraqın bərpasına ayrılan vəsaiti nəzərə almır. O, buraya müharibə veteranlarının müalicəsi (ömürlərinin sonunadək) üçün xərcləri, neftin qiymətinin qalxması nəticəsində ABŞ iqtisadiyyatının itkilərini, habelə bu gün ölkədə işə deyil, İraqda müharibəyə cəlb olunmuş yüz minlərlə gəncin potensialının istifadəsiz qaldığını da əlavə edir.
Alimin fikrincə, ABŞ qoşunları İraqda 2010-cu ilədək qalacaqdır. O, indiki 16 min nəfər yaralıya yaxın illərdə xəsarət alacaq bir o qədər hərbi qulluqçunun da qoşulacağını bildirir. İstifadə edilən tibbi texnika və avadanlıq bir yana, tibbi xidmət müharibənin maliyyə balansında əsas maddədir. Hərbi qulluqçuları dövlətin hesabına müalicə edirlər. Yaralıların təxminən 20 faizində çox mürəkkəb nevroloji cərrahi əməliyyatlar aparılır və onların hər biri on, bəzən də yüz minlərlə dollara başa gəlir. Stiqlitsin qənaətincə, İraq müharibəsində yaralanmış hərbçilərin ömürlərinin sonunadək dövlətin hesabına müalicə olunmasına 650 milyard dollar xərclənəcəkdir.
Professor xatırladır ki, İraq müharibəsi dünya bazarında neftin qiymətini qaldırmışdır. Amerikada bir barrel “qara qızıl” 2002-ci ildən bəri 25 dollar bahalaşmışdır ki, bu da ölkə iqtisadiyyatına daha 25 milyard dollar ziyan vurmuşdur. Üstəlik, bu məbləğ daim artır. Əlbəttə, digər xərclər də var. Buraya borclar üzrə faizlər, habelə faizlərdən faizlər də daxildir.
ABŞ Büdcə Xərclərinin Strateji Tədqiqatları Mərkəzinin əməkdaşları isə Əfqanıstanda hərbi əməliyyatlar keçirilməsi üçün təxmini xərcləri hesablamaq məqsədi ilə müstəqil tədqiqat aparmışlar. Məlum olmuşdur ki, taliblərlə müharibə hər ay amerikalılara 1 milyard dollara, deməli, ildə 12 milyard dollara başa gəlir. Bu isə federal hökumətin hər ay tibbi tədqiqatlara sərf etdiyi məbləğin yarısı qədərdir.